Müxtəlif ölkələrdə korrupsiyaya qarşı mübarizənin aparılması səslənir. Hətta inkişaf etmiş ABŞ-da və Avropa ölkələrində bu bəyanatla dövlət rəsmiləri çıxış edirlər. Ümumiyyətlə, korrupsiya demokratik ölkələrdə mövcuddurmu?
- Dünyada inkişaf edən konstitusionalizm ideologiyası keyfiyyətcə yeni və müasir şəffaf hüquq münasibətlərinə zəmin yaradıb. Hakimiyyət institutları müasirləşərək yeni üsul və vasitələrdən istifadə edirlər. Bu fəaliyyət formaları şəffaflıq, ədalətlik və koordinasiya prinsipləri əsasında qurulur. Sivil ölkələrdə açıq vətəndaş cəmiyyəti siyasi cəhətdən inkişaf etmiş birlikdir və bu assosiativ birlik hakimiyyət institutlarını öz qanuni maraqları cəmində məhdudlaşdırır. Bu gün isə, heç zaman olmadığı kimi, dövlətin vəzifəli şəxslərinin insanlara şəffaf və ədalətli xidmət etməsinə ehtiyac duyulur. Ədalət mühakiməsi, hüquq-mühafizə və təhlükəsizlik orqanlarının vəzifəli şəxslərinin korrupsiyaya qurşanması faktları, xüsusilə hakimiyyətə olan etibarı nüfuzdan salır. Lakin korrupsiya demokratik yolla inkişaf edən ölkələrdə də mövcuddur və onunla mübarizə, dəqiq desək, qarşıdurma davamlı aparılır.
Korrupsiya cəmiyyətin ehtiyatlarından səmərəsiz istifadə edilməsinə şərait yaradır, aztəminatlı insanlara ziyan vurur, iqtisadiyyatı və ümumilikdə dövləti zəiflədir. Bu gün korrupsiya dünyanın bütün ölkələrini narahat edən problemdir. Heç bir ölkə bəyan edə bilməz ki, cəmiyyəti və dövləti tam korrupsiyadan təmizləyib. Siyasi rejimindən və quruluşundan asılı olmayaraq, inkişaf prosesində hər bir ölkə bu bəla ilə mübarizə aparır. Amma bu mübarizə ardıcıl və davamlı olmalıdır.
- Azərbaycanda korrupsiyaya qarşı mübarizə sizcə ardıcıl aparılırmı?
- Azərbaycanda korrupsiyaya qarşı mübarizə tək bu günün problemi deyil. Ötən əsrin 70-ci illərinin əvvəllərindən, ölkəyə rəhbərlik edən Heydər Əliyev rüşvətxorluğa, vəzifə saxtakarlıqlarına və digər vəzifə cinayətlərinə qarşı ardıcıl və əməli mübarizə aparmışdır. Yəqin ki, daha çox orta və yaşlı nəslin yadında olar, o dövrdə hətta «Literaturnaya qazeta„da «Qoy ədalət zəfər çalsın“ adlı müsahibəsində Heydər Əliyev SSRİ məkanında ilk dəfə olaraq bu problemləri açıb ictimaiyyətə çatdırdı. Korrupsiyanın dövlətin və cəmiyyətin, dolayısı ilə hər bir insanın maraqlarına ziyan vurması dövlətçilik və ədalətlilik ideyaları ilə yaşayan Heydər Əliyevə çox yaxşı bəlli idi və o, bütün fəaliyyəti dövründə buna qarşı ardıcıl mübarizə aparmışdır. Təbii ki, totalitar və sosialist dövründən müstəqil dövlət quruculuğuna keçid dövrünün xüsusiyyətləri də korrupsiyanın artmasına şərait yaratdı. Təəssüflər olsun ki, 80-ci illərin axırlarında, 90-cı illərin əvvəllərində sosialist iqtisadiyyatının dağıdılmasının labüdlüyü adı altında bir çoxları əslində hərc-mərclikdən istifadə edib korrupsiya yolu ilə qanunsuz varlanmağa başladılar. O zaman dövlət orqanlarındakı korrupsionerlərin cinayətkar strukturlarla birləşmə prosesini müşahidə etmək olurdu.
Totalitar sovetlər cəmiyyətindən müstəqil hüquqi dövlət quruculuğuna keçid dövrü müəyyən xüsusiyyətlərlə səciyyələndi:
- sovetlər dövründə aparılmış quruculuq işlərinin dağıdılmasının labüdlüyü şüarı altında hərc-mərclikdən istifadə edib varlanma;
- 80-ci illərin axırlarında artıq korrupsiyanın bütün dövlət strukturlarında, o cümlədən yüksək hakimiyyət təbəqələrində yayılması;
- 90-cı ildə dövlət orqanlarındakı korrupsionerlərin cinayətkar strukturları ilə sövdələşməsi (birləşməsi) prosesi.
O dövrdə tələm-tələsik „Mülkiyyət haqqında» qanunun qəbul edilməsi də ölkə iqtisadiyyatının dağıdılıb gəlirin bölünməsinə xidmət edirdi.
1992-ci ildə hakimiyyətə gələn AXC və Musavat nümayəndələrinin əsl mahiyyəti tezliklə məlum oldu. Təcrübəsiz idarəçilik fəaliyyəti o dövrdə hakimiyyəti korrupsiya alətinə çevirmişdi. Dövlətin rəhbərliyi, güc strukturlarının başçıları korrupsiyaya rəvac verirdilər.
Müasir Azərbaycanda həyatın bütün sahələrində nailiyyətlər qazandığımız və siyasi, iqtisadi-sosial sahələrdə əsaslı islahatların aparıldığı bir dövrdə cəmiyyətimizdə korrupsiyanın hələ də olması dövlətin və cəmiyyətin inkişafına əngəllər törədir. Korrupsiya ölkədə gedən demokratik proseslərə və vətəndaş cəmiyyəti quruculuğuna, dövlət orqanlarının səmərəli və qanunauyğun fəaliyyətinə mane olur. Məhz bu baxımdan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi sahəsində siyasi və hüquqi tədbirlərin proqram şəklində həyata keçirilməsi dövrün zərurətinə çevrilmişdi. Ulu öndərimiz Heydər Əliyev bu zərurətdən çıxış edərək hələ 2000-ci il 8 iyun tarixdə «Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında» xüsusi fərman imzalamış və korrupsiyaya qarşı mübarizəni dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi elan etmişdir.
Hazırda korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin bir istiqamətidir. Bu fəaliyyət isə Azərbaycanda qanunçuluq və şəffaflıq prinsipləri əsasında həyata keçirilir. Azərbaycanda bilavasitə korrupsiyaya qarşı mübarizə funksiyalarını daşıyan Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Baş prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi və s. yaradılıb. Bu qurumların əsas fəaliyyəti korrupsiya hallarına və onun inkişafına şərait yaradan amilləri aşkarlamaq, təhlil etmək və onlara qarşı ciddi tədbirlər görməkdir. Bu sahədə çoxsaylı ixtisaslaşmış qeyri-hökumət təşkilatları da fəaliyyət göstərirlər.
- Son dövrlər biz mətbuatda Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyəti ilə bağlı daha ətraflı məlumat əldə edirik. İstərdik ki, bu qurumun fəaliyyəti haqqında bir qədər ətraflı məlumat verəsiniz.
- Tamamilə haqlısınız, həqiqətən də qanunvericilik bazasının əsas etibarilə formalaşması ilə əlaqədar komissiya işini daha da fəallaşdırıb. Eyni zamanda, bu tədbirlər cənab Prezidentin verdiyi tapşırıq və tövsiyələrin icrası kimi də qəbul edilməlidir. Komissiya korrupsiyaya qarşı mübarizə sahəsində Dövlət Proqramının yerinə yetirilməsinə nəzarəti həyata keçirir, mərkəzi və yerli icra hakimiyyəti, habelə müvafiq dövlət orqanları tərəfindən Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini müntəzəm təhlil edir və korrupsiya halları aşkar edildiyi təqdirdə həmin məlumatları araşdırır, həmçinin cinayət təqibinin həyata keçirilməsi üçün müvafiq orqanlara təqdim edir. Komissiya eyni zamanda korrupsiya ilə bağlı ictimai rəyi öyrənir və korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmənin həyata keçirilməsi üçün də tədbirlər görür. Komissiya korrupsiyaya qarşı mübarizə üzrə qanunvericiliyin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli iş aparır.
Komissiyanın rəsmi saytı fəaliyyət göstərir. Kim istəsə, www.commission-anticorruption.gov.az ünvanından məlumat ala və bizim üçün vacib olan ictimai sorğuda da iştirak edə bilər.
- Korrupsiyanın mahiyyəti haqqında bilmək maraqlı olardı. Korrupsiya münasibətləri hansı şəraitdə yaranır, bu münasibətlər müəyyən bir ölkənin idarəçilik formasına və yaxud bir xalqın mentalitetinə xasdır?
- Korrupsiyaya qarşı mübarizə probleminə hüquqi cəhətdən yanaşsaq, onda korrupsiya rüşvətlə məmurun ələ alınması mənasını daşıyır. Əslində, korrupsiya ümumbəşəri problemdir. Korrupsiya əməlləri ilə hətta beynəlxalq səviyyədə mübarizə aparmağa cəhd edilir. 17 dekabr 1979-cu ildə BMT çərçivəsində qəbul edilmiş «Vəzifəli şəxslərin hüquq qaydalarını təmin etmək üzrə davranışı haqqında“ Məcəllədə deyilir ki, korrupsiyanın anlayışı milli hüquqla müəyyən edilməli olsa da, nəzərə almaq lazımdır ki, korrupsiya dedikdə, «vəzifələrin icrası zamanı hər hansı hərəkətlərin edilməsi və ya edilməməsi, yaxud bu vəzifələrə görə nəticədə hədiyyələrin, vədlərin və ya stimulların tələb edilməsi və ya qəbulu, yaxud belə hərəkət və ya hərəkətsizlik edildiyi hər dəfə onların qanunsuz olaraq alınması» başa düşülür. Korrupsiyaya müxtəlif formada tərif verirlər, lakin korrupsiyanı hüquqi cəhətdən tək bir qanunazidd əməl kimi qiymətləndirmək olmaz. Korrupsiyanı daha çox sosial və kriminoloji aspektdən bir sintez kimi qəbul etmək lazımdır. Deməli, korrupsiyaya sosioloji baxımdan neqativ xarakterizə olunan, bir sıra hüquqazidd əməllərin məcmusu kimi baxıla bilər.
BMT-nin korrupsiyaya qarşı mübarizə ilə bağlı məlumat sənədində korrupsiya dövlət hakimiyyətindən şəxsi məqsədlər üçün istifadə etmək kimi ifadə olunur. Deməli, korrupsiya anlayışı rüşvətxorluqdan daha əhatəlidir. Əslində, korrupsiya dövlət və bələdiyyə, qanunvericilik, icra, məhkəmə hakimiyyəti orqanlarının məmurları, işçiləri və nümayəndələrinin və ya kommersiya təşkilatlarının işçilərinin və üzvlərinin, hətta beynəlxalq təşkilatların əməkdaşların öz vəzifə səlahiyyətlərindən istifadə edərək hər hansı üstünlüklərə (mülkiyyətə, mülkiyyət hüququna, xidmətlərə və imtiyazlara, o cümlədən maddi xarakter daşımayan hüquq və imtiyazlara) nail olmasıdır.
Müxtəlif ölkələrin təcrübəsi ümumiləşdirilərək BMT-nin başqa bir sənədində korrupsiya anlayışına aşağıdakı üç əsas əlamət daxil edilmişdir:
l vəzifəli şəxslər tərəfindən dövlət əmlakının oğurlanması, talanması və mənimsənilməsi;
l xidməti statusdan sui-istifadə edərək şəxsi mənfəət (güzəştlər, imtiyazlar) əldə edilməsi;
l ictimai məsuliyyət ilə şəxsi tamah arasında maraqların konflikti.
«Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununda da korrupsiyanın legitim anlayışı verilir. Bu anlayış mahiyyətinə görə beynəlxalq anlamı tam əks etdirir.
Bu gün hansı amillərin korrupsiyanın yaranmasına şərait yaratdığına birmənalı cavab vermək çətindir. Bürokratik idarəetmə aparatı hər bir ölkədə mövcuddur. O, getdikcə mürəkkəbləşir və əngəllər yaradır. Bürokratik əngəllər isə korrupsiyaya ölkəyə daxil olmaq üçün qapıları açır. Ancaq korrupsiyaya qarşı mübarizə bürokratik aparatı dağıtmaq məqsədini güdmür. Məqsəd dövlətdaxili qarşılıqlı nəzarəti gücləndirmək və korrupsiyaya qarşı durmaqdır. Əslində, mübarizəni qarşıdurma kimi də qiymətləndirmək olar.
Korrupsiyaya qarşı mübarizə daimi və ardıcıl həyata keçirilən fəaliyyətdir. Bu, birdəfəlik və yaxud bir müddətlik proses deyil. Korrupsiyaya qarşıdurma sistemli şəkildə qanunçuluq prinsipi əsasında həyata keçirilməlidir. İnqilabi yolla buna nail olunmur. Lakin inqilabların əsas şüarı korrupsiyaya qarşı mübarizə kimi səslənir. Rusiyanın «Sistema» effektiv idarəetmə institutunun analitikləri qeyd edirlər ki, tarix boyu bütün inqilabların və xüsusilə müasir rəngli inqilabların əsas şüarı «korrupsiyaya qarşı» mübarizə adlandırılıb. (A.Eliseev Korrupüiə i revolöüiə, www.rustrana.ru/article.php) Ancaq korrupsioner məmuru inqilab tərbiyə etmir. Korrupsiya mürəkkəb sosioloji problemdir və bu problemin həlli iqtisadi cəhətdən güclü və sabit bir ölkədə mümkündür. İnqilabın nəticəsində isə yaranmış özbaşınalıqlar korrupsiyanın inkişafına daha da əlverişli şərait yaradır.
- Belə qənaətə gəlmək olar ki, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq sənədlər mövcud olsa da, mübarizənin aparılması tək dövlətdaxili məsələdir?
- Korrupsiya ayrılıqda tək heç bir ölkənin problemi deyil, bütövlükdə ümumbəşəri problemdir və bu sahədə bütün ölkələrin səylərinin birləşdirilməsini tələb edir. Dünya bankının prezidenti D.Vulfenson müsahibələrin birində qeyd edir ki, «Soyuq müharibə bitdikdən sonra korrupsiya demokratik inkişaf yolunda əsas maneəçilikdir».
Hazırda böyük əhəmiyyət kəsb edən məsələlərdən biri də korrupsiyaya qarşı mübarizədə dövlətlərin beynəlxalq əlaqələrinin genişləndirilməsidir. Ölkələr arasında beynəlxalq müqavilələrin olub-olmamasından asılı olmayaraq korrupsiya ilə mübarizə və cinayətlərin qarşısının alınması prinsipinin müvəffəqiyyəti üçün cinayət törətmiş şəxslərin birinci növbədə məsuliyyətə cəlb olunması bütün ölkələr tərəfindən dəstəklənir. Bu, beynəlxalq təşkilatların fəaliyyətinə də aiddir. Beynəlxalq təşkilatların korrupsiyaya uğraması daha da mürəkkəb problemlərin yaranmasına gətirib çıxarır. «Trasparensy İnternational» təşkilatı öz nəşrlərindən birində qeyd edir ki, «Avropa İttifaqının büdcəsi ilə aparılan dələduzluq üzv-dövlətlər üçün böyük problemlər yaradıb».
- Yeri gəlmişkən, «Trasparensy İnternational»ın hesabatlarında Azərbaycanın vəziyyəti ürəkaçan olmur. Səbəbini necə izah edə bilərsiniz?
- Bunun obyektiv və subyektiv cəhətləri var. Birincisi, bu təşkilatın keçən hesabatlarında tam həqiqət əks edilməyibdir. Buna da səbəb müəyyən QHT-lərin subyektiv baxışdan çıxaraq «Trasparensy İnternational» təşkilatına təqdim etdikləri məlumatlardır. İkinci, hesabatın hazırlanması ərəfəsində aparılan araşdırmalar müzakirə edilməmiş, məlumatlar dəqiqləşdirilməmiş və buna görə də əks olunan məlumatların əksəriyyəti subyektiv xarakter daşıyır. Məsələn, necə olur ki, əslində, idarəetmədə özündə bütün totalitar xüsusiyyətləri saxlayan Belarusya, Ermənistan daha uğurlu mövqedədir. O ölkələrdə azad bazar iqtisadiyyatına keçməyən halda, mütləq inzibati idarəetmə mövcud olan şəraitdə korrupsiya geniş yayılaraq gizli formada həyata keçirilir. Hesab edirəm ki, bizim «Trasparensy İnternational» təşkilatı ilə birbaşa əməkdaşlığımız gələcəkdə genişlənəcək. Onların informasiya əldə etmə imkanları artacaq və obyektiv qiymətləndirməyə şərait yaranacaq. Öz növbəsində biz yeni hesabatların hərtərəfli və daha obyektiv tərtib olunacağına ümid edirik.
- Sizcə «Korrupsiyaya qarşı mübarizə haqqında» qanunun reallaşdırılması üçün hansı effektiv vasitələri istifadə etmək lazımdır?
- «Korrupsiyaya qarşı mübarizə haqqında» qanunun reallaşdırılması mühüm və çoxpilləli prosesdir. Zənnimcə, korrupsiyaya qarşı mübarizəni tək Avropa Şurası qarşısında öhdəlik kimi də qiymətləndirmək olmaz. Qanunun yaranması Konstitusiyamızda bəyan etdiyimiz hüquqi dövlət quruculuğu prosesinin məntiqli təminatıdır. Korrupsiya insan hüquq və azadlıqlarına ciddi şəkildə zərbə vurur. İnsan və vətəndaş hüquq və azadlıqlarının təminatı isə Konstitusiyanın 12-ci maddəsinə müvafiq olaraq dövlətin, yəni dövlət orqanlarının ali vəzifəsidir.
Korrupsiyaya qarşı mübarizə mexanizminin hüquqi əsasları tək bir qanunla əhatə olunmur. Hüquqi aktlara — Konstitusiyanı, Azərbaycanın hüquq sistemində üstünlük təşkil edən müvafiq ratifikasiya olmuş beynəlxalq aktları, qanunları və digər normativ hüquqi aktları aid etmək olar. Xüsusi olaraq «Korrupsiyaya qarşı mübarizə üzrə» 3 sentyabr 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramını qeyd etmək istəyirəm. Dövlət Proqramının əsas məqsədi vahid sistem çərçivəsində kompleks tədbirlərin həyata keçirilməsini təmin etməklə korrupsiyaya qarşı mübarizəni gücləndirməkdən və sosial-iqtisadi münasibətlərin daha sağlam əsaslar üzərində formalaşmasına şərait yaratmaqdan ibarətdir. Dövlət Proqramında korrupsiyaya qarşı mübarizədə qanunvericilik bazasının, hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, iqtisadi və sosial sahədə tədbirlər, həmçinin korrupsiyaya qarşı mübarizədə maarifləndirmə və əməkdaşlıq tədbirləri nəzərdə tutulur.
«Korrupsiyaya qarşı mübarizə haqqında» qanunun reallaşdırılmasının ilkin mərhələsi digər normativ hüquqi aktların bu qanuna uyğunlaşdırılmasıdır. Xüsusilə, vacib element korrupsiya hüquqpozmalarına görə məsuliyyət yaradan cinayət hüquq normalarının yaranması idi. Milli Məclisin 2006-cı ilin yaz sessiyasında Azərbaycan Respublikası Prezidentinin təklifi ilə korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericiliyinə, ələlxüsus, Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edilmişdir.
Cinayət Məcəlləsində nəhayət, korrupsiya termini yarandı və 33-cü fəslin adı «Korrupsiya cinayətləri və dövlət hakimiyyəti, dövlət qulluğu mənafeyi, yerli özünüidarə orqanlarına, habelə kommersiya və qeyri-kommersiya təşkilatlarında qulluq mənafeyi əleyhinə olan cinayətlər» kimi adlandırıldı. Rüşvətvermə cinayəti mahiyyətcə daha ağır əməl kimi göstərilərək aktiv rüşvətxorluq adlandırıldı və onun cəza sanksiyası artırıldı. Sonra vəzifəli şəxsin qərarına təsir göstərmə (nüfuz alveri) kimi yeni cinayət əməli cinayət qanunvericiliyinə əlavə edildi.
Korrupsiyaya qarşı mübarizənin effektiv mexanizmi korrupsiyaya şərait yaradan halların hüquqla məhdudlaşdırılmasıdır. Normativ hüquqi aktlarda korrupsiyaya şərait yaradan normalara yenidən baxılır. Dövlət orqanlarına müraciət etmək formaları, müraciətlərə məmurlar tərəfindən cavab vermək şərtləri və baxılma müddətləri yenidən təkmilləşdirildi. Məsələn, həmin yaz sessiyasında «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında» Azərbaycan Respublikası Qanununa əlavə edilərək dövlət hakimiyyəti orqanlarına müraciətlərin qəbul edilməsinin elektron formada həyata keçirilməsinə icazə verilir.
- Korrupsiyaya qarşı mübarizədə Azərbaycan Respublikası Milli Məclisinin rolu necə görünür?
- Parlamentin iki mühüm funksiyası: qanunvericilik fəaliyyəti və parlament nəzarəti korrupsiyaya qarşı mübarizədə effektiv üsullardır.
Qanunvericiliyin təkmilləşdirilmə prosesi daimi olmalıdır. Korrupsiyaya şərait yaradan hallar aşkar olunaraq, təhlil edilməlidir və hüquqi cəhətdən onlara qarşı effektiv vasitələr yaranmalıdır. Buna bariz nümunə kimi Milli Məclisin payız sessiyasının ilk iclaslarında korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Cinayət-Prosessual və Cəzaların icrası Məcəllələrinə Prezident İlham Əliyev tərəfindən təklif olunan dəyişiklik və əlavələri göstərmək olar. Cənab Prezident korrupsiya yolu ilə əldə edilmiş əmlakın müsadirəsi üçün cinayət-prosessual qanunvericiliyə əlavə kimi effektiv vasitələr təklif edir.
Lakin qeyd etmək lazımdır ki, hüquq normalarının effektiv təminatı üçün cəmiyyətdə yüksək hüquqi düşüncə də mövcud olmalıdır. Korrupsiyaya qarşı mübarizə tək dövlət funksiyaları deyil, burada azad vətəndaş cəmiyyətinin institutları daha fəal olmalıdırlar. Qeyri-hökumət təşkilatları hüquq-mühafizə orqanlarına yardım göstərərək korrupsiya elementlərinin yaranmasına effektiv qarşıdurma mexanizmləri təşkil etməlidirlər. Bu, bilavasitə ictimai nəzarətlə bağlı tədbirlərdir. Bununla bağlı, cənab Prezident İlham Əliyev 02 oktyabr tarixində Milli Məclisin 2006-cı il payız sessiyasının açılışında Azərbaycanın inkişafı məsələlərinə toxunaraq qeyd etdi ki: "Əgər ciddi ictimai nəzarət olmasa, onda bizim nəzərdə tutduğumuz proqramlar çətinliklərlə üzləşə bilər».
Sözsüz ki, korrupsiyaya qarşı mübarizənin effektiv vasitələrindən biri də parlament nəzarətidir. Azərbaycanda konstitusion səviyyədə bəyan olunan hakimiyyət bölgüsü və qarşılıqlı nəzarət mexanizmi dövlət idarəetməsində şəffaflığı təmin edir, dövlət başçısı tərəfindən qoyulan vəzifələrin təminatına şərait yaradır. Prezident cənab İlham Əliyev Milli Məclisin 2006-cı il yaz sessiyasının açılışında qeyd etdi ki, «Büdcənin xərclənməsinə ictimai nəzarətlə bərabər parlament nəzarəti də olmalıdır. Xərclər artdıqca, nəzarət də güclənməlidir. Bu, mütləq və mütləq olmalıdır. Çünki hər bir vətəndaş bunu öz gündəlik həyatında hiss etməlidir. Mən şübhə etmirəm ki, qarşıya qoyduğumuz bütün vəzifələr uğurla icra ediləcəkdir.»
Cənab Prezidentin bu fikirləri Azərbaycan dövlətinin bu sahədə siyasi iradəsini bir daha nümayiş etdirir. Ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitlik, iqtisadi və siyasi islahatların paralel aparılması, vətəndaş cəmiyyətinin inkişafı şəraitində aparılan bu mübarizə öz müsbət nəticələrini verəcəkdir.
Müsahibəni apardı:
Amil NOVRUZLU,
«Azərbaycan»